Qəbələ

 Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Qəbələ şəhəridir.
Tarixi
Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. Böyük Plini yazırdı ki, Albaniyanın əsas şəhəri Kabalakadır. Mənbələrdə Qəbələ adı Vostani-Martspan (yəni fars canişini – mərzbanın paytaxtı) adlandırılan Kavaqak kimi də çəkilir.
I-V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi. Lakin V əsrdən o, Sasanilərin təyin etdikləri mərzbanlann iqamətgahına çevrildi. VI əsrdə xəzərlərin basqınları ilə əlaqədar mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə ərəblər tərəfindən işğal edilənədək xəzər torpaqlarının tərkiibnə daxil idi.
Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV – b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir.
XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Bu vaxt Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşen sultanlığı yaradılmışdır. Qutqaşen sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşen mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının İnzibati rayonlarından biri kimi Qutqaşen rayonu yaradılmışdır. Qəbələ ərazisi ,,4" yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşen, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.
Mineral sular :
Qəmərvan (,,Çömçə bulaq") mineral bulağı – Qəmərvan kəndindən 5 km Şimalda, Bum çayın dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal- mineral sudur. Təbii tempuratur 39,2 0 –dir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. 1965-1966-cı illərdə və 1973-1977-ci illərdə Sankt-Peterburq şəhərində xüsusi labaratoriyada Qəbələ rayonundakı ,,Qəmərvan" ,,Şonqar" və ,,Yengicə" mineral bulaqlarının suyundan götürlümış nümunələr kimyəvi analizdən keçirilmişdir. Analiz nəticəsində müəyyən edilmişdir ki, Qəmərvan suyunun tərkibində silisumlu birləşmələr 30-40 mq /l, kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Sutqalıq gücü 50 min litrə çatır. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada (Priney yaramadasında) məşhur olan Kuldur mineral suyu ilə analoq təşgil edir.
Təbiət qoruq və yasaqlıqları
Rayonun cənub sərhəddində 1958-ci ildə 22.400 ha sahədə arid (quraq) dağ meşə və kol (arcan, saqqız, yabanı nar, meşə üzümü və s) lantşaftını mühafizə etmək məqsədi ilə Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır.
 
Şahdağ Milli Parkı Şahdağ Milli Parkı – Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır. Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.
İqlimi
İqlimin əsas tipləri Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.
Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 – 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuş, sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır.
İqtisadiyyatı
17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qəbələ Beynəlxalq Aeroportu açılmışdır.[2] Rayonda həmçinin tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır.
İri yaşayış məntəqələri
Qəbələdə Vəndam qəsəbəsi vardır ki, bu da Şəhərin ən iri yaşayış məntəqəsidir. Bundan başqa Qəbələ rayonunda Böyük Əmilli, Kiçik Əmilli, Bum, Nic, Xırxatala, Nohurqışlaq, Aydınqışlaq, Soltannuxa, Duruca, Qəmərvan və s. kimi kəndlər vardır.

slide 5

Yeni xəbərləri əldə etmək üçün aşağiya e-mail və adınızı yazın:
Yeni xəbərlər olduğu zaman sizin e-mailinizə gələcək. Təşəkkur.