Əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və gözəl iqlim Azərbaycana təkcə dinc sakinləri cəlb etmirdi. Azərbaycan tarix boyu Roma və Parfiya, Ərəb xilafəti kimi imperiyaların, Çinqiz xanın, Teymurləngin, Osmanlı türklərinin və Rusiyanın işğallarına məruz qalmışdır.
Azərbaycanın hər bir vilayətində burada qədimləri və daha əvvəl – tarixdənəvvəlki dövrlərdən insanların yaşadığını sübut edən çoxsaylı arxeoloji abidələr mövcuddur. Azıx və Tağlar mağaralarında əldə olunmuş arxeolojı materiallar burada yaşamış qədim insanların ixtiyarında gözəl iqlimin, zəngin su ehtiyatlarının olduğunu sübut edir. Qədim insanlar işğalçılardan və münaqişələrdən qorunmaq üçün bəzən dağlara çəkilir və burada özlərinin əzəli həyat tərzinə uyğun yığcam etnik qruplar şəklində ayrı – ayrı məskənlər salırdılar. Son Neolit dövründə kənd təsərrüfatı və maldarlıq ibtidai inşaat və duluşçuluqla eyni vaxtda inkişaf etməyə başladı.
Daha sonra üzəri naxışlı keramika və bəsit petroqliflər (Qobustan, Gəmiqaya, Şahtaxtı, Şomutəpə, Əliköməktəpə, Kültəpə arxeoloji materialları) meydana gəldi. Tunc dövründə (e.ə. 3-1 minilliklər) metal emalı ilə əlaqədar sənət növləri (silah hazırlanması) yarandı, sümükdən məmulatlar, toxuma məmulatlar, naxışlı keramika istehsalı inkişaf etməyə başladı. Kiçik Asiya və Yaxın Şərq ölkələrinin xalqları ilə əlaqələr intensiv xarakter aldı (Azərbaycanın bir çox bölgələrindən əldə edilmiş Kür-Araz mədəniyyətinə aid arxeoloji materiallar).
Bir çox qədim yazılı mənbələrdə, o cümlədən şumer-akkad mənbələrində adı çəkilən iri tayfa birlikləri yaranmağa başladı. Azərbaycan tarix boyu tərkibində olduğu müxtəlif imperiyaların mühüm siyasi mərkəzi olmuşdur (Azərbaycan tabəyləri Eldənizlər 12-13 əsrlər; Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, 15 əsr; Səfəvilər imperiyası, 16-17 əsrlər). Paytaxtı İzirtu olan ilk böyük dövlət Manna e.ə 9 əsrdə yaranmışdır. 3 min il tarixi olan yerli dövlətçilik ənənələri məhz Mannadan başlayır.
Paytaxtı Aqbatana olan Midiya imperiyası e.ə. 7 əsrdə Mannanı əvəz etdi. Aşşura, Urartuya qalib gəlməklə mühüm həbi və siyasi uğur qazanann Midiya bütün Cənubi Qafqazda və indiki İranın böyük hissəsində güclü təsir qüvvəsinə malik idi. E.ə. 6 əsrdə Midiya Əhəmənilər imperiyasının tərkibinə qatıldı və onun əsas əyalətlərindən birinə çevrildi. Əhəmənilər fəal işğalçı siyasət aparmaqla yanaşı, qonşu ölkələrə güclü mədəni təsir göstərirdilər. Geniş və zəngin ərazilər zəbt etmələrinə baxmayaraq, tez-tez apardığı müharibələr və baş verən üsyanlar səbəbindən imperiya xeyli zəiflədi. Makedoniyalı İsgəndər e.ə. 4 əsrin ortalarında Əhmənilər imperiyasına qalib gəldi. Zəbt olunmuş ərazilər qədim yunan antik mədəniyyətinin təsiri altına düşdü. Bu amil Mərkəzi Asiyadan tutmuş Avropayadək və Misirdən tutmuş Hindistanadək olan nəhəng ərazilərin tarixi və mədəni mənzərəsini dəyişdi.
Azərbaycanın tarixi ərazisində bu dövrdə iki dövlət – Qafqaz Albaniyası və Atropatena meydana gəldi. Burada kənd təsərrüfatının (şərabçılıq, bağçılıq, kətan və pambıq istehsalı, maldarlıq) inkişafı tezliklə yüksək səviyyəyə çatdı. Qafqaz Albaniyası və Atropatenanın şəhərlərində sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatdı (xalçaçılıq və toxuculuq, şüşə istehsalı, metal məmulatların hazırlanması). Şimali Qafqaz, Mərkəzi Asiya və Misirlə ticarət əlaqələri genişlənirdi.
E.ə. 1-ci əsrin sonundan eramizin 7-ci əsrinədək Azərbaycan əvvəlcə Parfiya və Roma imperiyaları, daha sonra Bizans və sasani imperiyaları arasında ərazi iddiaları səbəbindən hərb meydanına çevrildi. 3-cü əsrdə Atropatena tamamılə Sasani imperiyasına qatıldı, Qafqaz Albaniyası isə nisbi müstəqilliyini saxlaya bildi. Qafqaz Albaniyasının ilk paytaxtı Qəbələ, sonra isə Bərdə oldu. Eramızın 4-cü əsrində xristianlıq Qafqaz Albaniyasının dövlət dininə çevrildi. Atropatenada zərdüştilik hakim mövqeyini saxlamaqda idi.
7-ci əsrdə Sasani imperiyası və qonşu ərazilər Ərəb xilafəti tərəfindən tutuldu. Ərəblər özləri ilə birlikdə buraya yeni islam dinini gətirdilər.
7-ci əsrdə Sasani imperiyası və qonşu ərazilər Ərəb xilafəti tərəfindən tutuldu. Ərəblər özləri ilə birlikdə buraya yeni islam dinini gətirdilər.
Xilafət Pireneydən tutmuş Çinədək və Qafqazdan tutmuş Şimali Afrikayadək geniş ərazini, həmçinin bu yerlərin xalqlarının mədəniyyətlərini birləşdirdi. Yunan mədəniyyəti kimi, müsəlman mədəniyyəti də dünya tarixinin gedişinə, elmin, təbabətin və fəlsəfənin inkişafına güclü təsir göstərdi.
Onun tərkib hissələrindən biri də alimləri, şairləri və mütəfəkkirləri ilə müsəlman mədəniyyətinə böyük töhfələr vermiş Azərbaycan mədəniyyəti idi. Erkən orta əsrlərdən Azərbaycan ərazisi tez-tez işğalçı hücumlara məruz qalırdı. Hunlar, savirlər, xəzərlər, bulqarlar – onoqurlar və b. şimaldan Dərbənd keçidi vasitəsilə Azərbaycana soxulurdular. Onlardan bəziləri ölkədə məskunlaşıb yerli əhali ilə qaynayıb – qarışırdılar, digərləri isə sonradan qayıtmaq niyyəti ilə taladıqlarını yığıb ölkəni tərk edirdilər və yaxud yolda silahlı müqavimət nəticəsində məhv olurdular.
Şimaldan gözlənilən daimi təhlükədən ölkə ərazisini qorumaq üçün müdafiə istehkamlarının tikintisinə böyük əhəmiyyət verilirdi: Dərbənd qalasının möhkəm divarları, Gilgilçay istehkamı və Çıraqqala, erkən orta əsrlərdə Sasanilərin inşa etdiyi Beşbarmaq fortifikasiya sistemi. Onu da qeyd etmək lazımdır ki, Abşeronun orta əsr qəsrləri və keşikçi qüllələri vahid müdafiə qurğuları kompleksinə daxil idi. Şimal-şərqi Azərbaycanın və Abşeronun fortifikasiya kompleksi YUNESKO- nun dünya irsi siyahısına salınmaq üçün təqdim olunmuşdur.
Yerli əhali ərəb işğallarına qarşı tez-tez çıxışlar edirdi. Bunlardan Babək üsyanı Azərbaycan qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri idi. Xürrəmi üsyançılar və onların rəhbəri Babək azadlıq uğrunda 20 il döyüşdülər. Bu illər ərzində üsyançılar onlara qarşı göndərilmiş 7 orduya qalib gəldilər.
Babəkin məğlubiyyətindən sonra Xilafət parçalandı və nəticədə yeni dövlətlər yaranmağa başladı: Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər. Bu dövlətlərdən hər biri öz pulunu zərb edir, ordu saxlayır, müstəqil siyasət yürüdürdü. 11-ci əsrdə Azərbaycan Səlcuqilər imperiyasının hücumuna məruz qaldı. Səlcuqilər imperiyasının hakimiyyətinə həmçinin İraqın bir hissəsi, Şimali Qafqaz, Kiçik və Mərkəzi Asiyanın bir sıra əraziləri daxil idi.
Səlcuqilər imperiyasının ömrü uzun olmadı. 12-ci əsrin əvvələrində parçalanan imperiyanın yerində müstəqil hakimiyyətlər yarandı. Azərbaycan ərazisində yalnız Şirvanşahlar Səlcuqilərdən asılı deyildilər. Elə həmin dövrdə Azərbaycanda daha yeni bir dövlət – Atabəy Şəmsəddin Eldənizin (1136-1175) yaratdığı dövlət meydana gəldi. Şirvanşahlar dövləti istisna olmaqla, demək olar ki, bütün Azərbaycan Eldənizlərin hakimiyyəti altında idi. Bir çox qonşu ölkələr kimi Şirvanşahlar da Eldənizlərin vassalı olmağa məcbur idilər. Müxtəlif vaxtlarda bu dövlətin paytaxtı Naxçıvan, Təbriz, Həmədan və Marağa olmuşdur. Eldənizlər güclü ordu saxlayır, öz pulunu zərb edir, müstəqil xarici və daxili siyasət yeridirdilər.
Lakin 13-cü əsrin əvvəlində Azərbaycanı monqol ordusu işğal etdi və 1239-cu ildə ölkə Monqol imperiyasının tərkibinə qatıldı. 1256-ci ildə Çinqiz xanın nəvəsi Hülaku öz dövlətini yaratdı. Hülaku xan İlxani titulu ilə taxta əyləşdi. Şimalda Dərbənddən cənubda İran körfəzinədək, şərqdə Əmu – dəryadan qərbdə Misirədək olan geniş ərazi İlxanilərin hakimiyyəti altında idi. Azərbaycan Hülakular dövlətinin əsas əyalətlərindən biri idi, paytaxtı Marağa və Təbriz olmuşdur. İlxanilərin hakimiyyəti dövründə iqtisadiyyat inkişaf edir, şəhərlər genişlənir və möhkəmlənir, müxtəlif sənət növləri, elm, ticarət əlaqələri artır. Yeni körpülər salınır, karvansaralar, məscidlər, mədrəsələr, xanagahlar və qalalar inşa edilirdi.
100 il davam edən Hülakular hakimiyyəti zəiflədi. 14-cü əsrin ortalarında Hülakular mülkü Qızıl Orda Xanları ilə Mərkəzi Asiyada yeni imperiyanın banisi Əmir Teymur arasında mübarizə meydanına çevrildi. Hülakuların keçmiş mülkünün xarabalıqları üzərində qurulmuş Cəlairilər dövləti Əmir Teymurun hakimiyyəti altına keçdı. Şirvanşah İbrahim Dərbəndinin (1382-1479) müdrik diplomatik səyləri nəticəsində Şirvanşahlar dövləti müstəqilliyini qoruya bildi və Avropanın bir çox ölkəsi – Venesiya, Macaristan, Avstriya, Polşa, Fransa, İngiltərə, Portuqaliya, İspaniya və s. ilə diplomatik əlaqələr yaratdı. Həmin dövrdə, xüsusilə Şirvanşah I Xəlilüllah (1417-1465) və onun oğlu Fərrux Yəsar (1465-1500) dövründə Şirvanşahlar dövləti yüksəliş illərini yaşayırdı.
15-16 əsrlərdə Şeyx Səfinin nəslindən olan Ərdəbil hakimlərinin qüdrəti və əhəmiyyəti artmağa başladı. Şiəliyin ardıcılları olan Şeyx Səfi törəmələrinin yaratdığı dövlət Səfəvilər dövləti adlanmağa başladı. Onun banisi Şah İsmayıl Səfəvi Şırvanşah Fərrux Yəsara və Ağqoyunlu ordusuna qalib gəldi. 1501-ci ildə o özün Cənubi Qafqazı, İranı, İraqı və Xorasanı əhatə edən imperiyasının şahı elan etdi. Təbriz – paytaxt, Azərbaycan dili isə dövlət dili oldu. Səfəvilər dövlətinin möhkəmlənməsi və onun hökmdarların fəal işğalçılıq siyasəti Osmanlı imperiyası ilə qarşıdurmaya səbəb oldu. Əsrlərlə davam edən Səfəvi – Osmanlı müharibələri Azərbaycanı viran qoydu. 18 əsrdə tənəzzül edən Səfəvilər imperiyası ayrı-ayrı hakimliklərə parçalandı. Bunlardan ən iriləri Azərbaycan ərazisində Quba, Qarabağ, Şəki, Maku və dugər xanlıqlar idi. Onlar aramsız müharibələr aparır, eyni zamanda türk və İran ordularının hücumlarına məruz qalırdılar.
Rusiya imperiyası 18 əsrin ortalarında özünün geosiyası maraqlarını Qafqazda genişləndirməyə başladı. Rusiya İran və Osmanlı dövləti ilə müharibələr apararaq Cənubi Qafqazın bütün ərazisini nəzarəti altına almışdı. Nəticədə, 1828-ci ildə İranla Rusiya arasında Türkmənçay müqaviləsi bağlandı və İran Cənubi Qafqaza olan iddialarından əl çəkdi. Beləliklə, Azərbaycan İranla Rusiya arasında iki hissəyə bölündü. Şimali Azərbaycan Rusiya imperiyasına qatıldı.
1917-ci il Fevral inqilabından və çar hökuməti devrildikdən sonra Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika elan etməklə, öz müstəqilliyinin bərpasına cəhd göstərdi. Demokratik Respublikanın cəmi 23 ay ömrü oldu. Lakin Rusiya belə unikal və zəngin bölgəni əldən vermək istəmirdi. 1920 il aprelin 28-də 11-ci Qırmızı ordu gənc respublikanın suverenliyini pozaraq Azərbaycana soxuldu.
1991-ci ildə SSRİ dağıldıqdan və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, ölkənin tarixində yeni mərhələ başladı. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” akt qəbul olundu. Azərbaycan Respublikası ümumi səsvermə əsasında xalq tərəfindən seçilmiş prezident tərəfindən idarə olunur, müstəqil inkişaf kursu yeridir. Azərbaycanın tarixində ilk dəfə 1991-ci ilin dekabrında keçirilmiş referendum milliyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının birliyini bir daha təsdiq etdi. 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya görə, Azərbaycan hüquqi, suveren, unitar dövlətdir, BMT-nin insan haqları üzrə deklarasiyasına, 1975-ci il Helsinki aktına və ATƏT prinsiplərinə uyğun olaraq inkişaf edir. Keçid iqtisadiyyatlı ölkə kimi, Azərbaycan intensiv inkişaf mərhələsindədir, biznesin inkişafı üçün əlverişli şəraitin yaranmasına, ölkəyə investisiya cəlb edilməsinə, yeni yüksək texnologiyaların tətbiqinə, maliyyə və bank resurslarının konsolidasiyasına yönəldilən tədbirlər proqramını həyata keçirir.
Xarici siyasət sahəsində Azərbaycan müstəqil və sülhsevər siyasət aparır. BMT, Avropa Şurası, MDB, İslam Konfransı Təşkilatı və bir çox digər təşkilatların üzvüdür.